azərbaycan və səudiyyə ərəbistanının əmək bazarı üzrə milli observatoriyaları əməkdaşlıq edəcək
bakı, 31 yanvar, arhd.media


əmək və əhalinin sosial müdafiəsi nazirliyinin tabeliyində əmək bazarı və sosial müdafiə məsələləri üzrə milli observatoriyanın idarə heyətinin sədri elnur səfərli ər-riyad şəhərində (səudiyyə ərəbistanı krallığı) keçirilən beynəlxalq əmək bazarı konfransı çərçivəsində həmin ölkənin insan resurslarının inkişafı fondunun tabeliyindəki əmək bazarı üzrə milli observatoriyanın rəhbər şəxsləri ilə görüşüb.
arhd.media xəbər verir ki, görüşdə ölkəmizdə əmək və məşğulluq, sosial müdafiə sahələrində son illər aparılan islahatlar və əldə olunan uğurlar barədə məlumat verilib. əmək bazarı və sosial müdafiə məsələləri üzrə milli observatoriyanın əmək, məşğulluq, sosial müdafiə sahələrində səmərəli idarəetmə qərarlarının qəbul edilməsi üçün təkmil monitorinq, təhlil və proqnozlaşdırma sisteminin yaradılması sahəsində gördüyü işlər qeyd olunub.
görüşdə əmək bazarının cari və perspektiv vəziyyətinin qiymətləndirilməsi, strateji məşğulluq sahələrinin, onların gələcək inkişaf meyillərinin müəyyən edilməsi sahəsində qurum tərəfindən sorğuların və tədqiqatların aparıldığı diqqətə çatdırılıb. həmçinin səudiyyə ərəbistanı krallığı insan resurslarının inkişafı fondunun tabeliyindəki əmək bazarı üzrə milli observatoriyanın fəaliyyəti barədə məlumatlar verilib.
görüşdə iki qurum arasında sıx əlaqələrinin qurulmasının və müvafiq fəaliyyət sahələrində təcrübə mübadilələrinin aparılmasının qarşılıqlı faydalı ola biləcəyi vurğulanıb və gələcək əməkdaşlıq imkanları müzakirə edilib.






















