
azərbaycan respublikasının prezidenti ilham əliyev oktyabrın 28-də hacıqabul-bəhrəmtəpə-ermənistan respublikası ilə dövlət sərhədi avtomobil yolunun 197-ci kilometrindən cəbrayıl rayonu ərazisində inşa olunan "şəfəq" günəş elektrik stansiyasına gedən avtomobil yolunun açılışında iştirak edib.
arhd.media azərtac-a istinadən xəbər verir ki, azərbaycan avtomobil yolları dövlət agentliyinin idarə heyətinin sədri saleh məmmədov dövlətimizin başçısına məlumat verib.
bildirilib ki, iv texniki dərəcəyə uyğun inşa edilən yolun ümumi uzunluğu 11,5 kilometrdir. iki hərəkət zolağından ibarət yolun eni 6 metrdir. bu yolun inşası ötən ilin dekabrında azərbaycan prezidentinin imzaladığı sərəncama əsasən həyata keçirilib.
qeyd edək ki, yeni yolun istifadəyə verilməsi bu istiqamətdə nəqliyyat vasitələrinin hərəkətinin təhlükəsizliyinə, əhalinin rahat gediş-gəlişinin təmin edilməsinə öz töhfəsini verəcək.


























