bakı, 17 mart, arhd.media
azərbaycan prezidenti ilham əliyev “azərenerji” asc-nin fəaliyyətinin təmin edilməsi haqqında fərman imzalayıb.
arhd.media xəbər verir ki, fərmanla “azərenerji” açıq səhmdar cəmiyyətində (bundan sonra – cəmiyyət) ümumi yığıncağın səlahiyyətlərinin həyata keçirilməsi aşağıdakılara həvalə edilsin:
azərbaycan respublikasının prezidentinə:
- cəmiyyətin yenidən təşkili və ləğvi;
- cəmiyyətin icra orqanının yaradılması;
- cəmiyyətin idarə heyəti sədrinin və onun müavinlərinin vəzifəyə təyin və vəzifədən azad edilməsi;
azərbaycan respublikasının nazirlər kabinetinə:
- azərbaycan respublikasının prezidenti ilə razılaşdırmaqla, cəmiyyətin nizamnaməsinin və strukturunun təsdiqi, nizamnamə kapitalının miqdarının müəyyən edilməsi, onlarda dəyişiklik edilməsi;
- cəmiyyətin inkişaf strategiyasının müəyyən edilməsi;
- cəmiyyətin illik hesabatlarının, maliyyə hesabatlarının təsdiq edilməsi, mənfəətinin və zərərinin bölüşdürülməsi;
- cəmiyyətin xalis aktivlərinin dəyərinin 25 (iyirmi beş) faizindən artıq məbləğdə olan əqdin (xüsusi əhəmiyyətli əqdin), eləcə də müstəqil auditorun rəyi ilə aidiyyəti şəxslə dəyəri cəmiyyətin aktivlərinin 5 (beş) faizini və daha çox hissəsini təşkil edən əqdin bağlanması haqqında qərar qəbul edilməsi;
- bu fərmanın 1.1-ci və 1.3-cü bəndlərində qeyd edilənlər istisna olmaqla, azərbaycan respublikasının mülki məcəlləsi ilə səhmdarların ümumi yığıncağının səlahiyyətlərinə aid edilmiş digər məsələlərin həlli;
azərbaycan respublikasının iqtisadiyyat nazirliyinə:
- cəmiyyətin idarə, nümayəndəlik və filiallarının yaradılmasına və ya ləğvinə, törəmə cəmiyyətlərinin yaradılmasına, yenidən təşkilinə və ya ləğvinə razılıq verilməsi;
- cəmiyyətin digər hüquqi şəxslərə kapital qoyuluşu barədə qərarların qəbul edilməsinə razılıq verilməsi;
- cəmiyyətin iştirak etdiyi birgə layihələrə əmlak və (və ya) pul şəklində pay qoyulmasına razılıq verilməsi.
müəyyən edilsin ki, cəmiyyətin fəaliyyətinə cari rəhbərliyi həyata keçirmək üçün 3 (üç) üzvdən – azərbaycan respublikasının prezidenti tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən idarə heyətinin sədri və onun iki müavinindən ibarət idarə heyəti yaradılır.
azərbaycan respublikasının nazirlər kabineti:
- cəmiyyətin nizamnaməsini və strukturunu azərbaycan respublikasının prezidenti ilə razılaşdırmaqla bir ay müddətində təsdiq etsin;
- bu fərmandan irəli gələn digər məsələləri həll etsin.






















