buxarest, 15 iyul, arhd.media
bolqarıstan mediası: socar israilin enerji bazarına strateji çıxış əldə edir
bolqarıstan müdafiə nazirliyinin rəsmi media orqanı olan “armymedia.bg” nəşrində siyasi şərhçi plamen dimitrovun socar-ın israilin enerji sektoruna daxil olmasını təhlil edən “azərbaycan necə israilin qaz geosiyasətinin bir hissəsi olub” sərlövhəli geniş məqalə dərc edilib.
arhd.media xəbər verir ki, analitik yazıda socar-ın “tamar” qaz yatağında 10 faiz pay əldə etməsi, bununla da cənubi qafqaz ölkəsinin yaxın şərq qaz geosiyasətinə real təsir imkanları qazandığı qeyd olunur.
məqalədə bildirilir ki, socar israilin “tamar” yatağında pay almaq üçün rəsmi razılıq əldə edib. bu yatağın ehtiyatlarının 300 milyard kubmetr civarında olduğu və socar-ın iştirakının təqribən 1,25 milyard dollar dəyərində qiymətləndirildiyi qeyd olunur.
“azərbaycan təkcə qaz ixracatçısı deyil, həm də aralıq dənizi hövzəsində investor və enerji tərəfdaşı rolunu öz üzərinə götürməyə başlayır”, - deyə plamen dimitrov məqaləsində yazır.
yazıda, həmçinin vurğulanır ki, socar israilin aralıq dənizi sahillərində yerləşən 6 yeni blok üzrə qazma və kəşfiyyat hüququna malik konsorsiumun da lideridir. bu isə azərbaycan şirkətinin regionda enerji və geosiyasi nüfuzunun getdikcə artdığını göstərir. bildirilir ki, socar artıq uzun illərdir israilin əsas xam neft tədarükçülərindən biridir: “2023-cü ildə israilin idxal etdiyi neftin 43 faizi azərbaycandan olub və bu göstərici dəyişməyib”.
“armymedia.bg” socar-ın israil qaz layihələrində iştirakını təkcə kommersiya baxımından deyil, eyni zamanda, geosiyasi strategiya çərçivəsində dəyərləndirir. məqalədə 2020-ci il qarabağ müharibəsində israil istehsalı pilotsuz uçuş aparatlarının azərbaycana verdiyi dəstək də xatırladılır və bu enerji əməkdaşlığının hərbi-texniki tərəfdaşlıqla da uzlaşdığı qeyd olunur.
bundan əlavə, bolqar mətbuatında bu istiqamətdə azərbaycan-israil münasibətlərinin yeni mərhələyə keçdiyi vurğulanır. bildirilir ki, bakı yalnız enerji ixracatçısı rolunu deyil, həm də regionda enerji infrastrukturunun formalaşmasında qərarverici rolu oynamağa başlayır. bolqarıstanın rəsmi media orqanı hesab edir ki, socar-ın “tamar” layihəsində iştirakı azərbaycanın beynəlxalq enerji bazarlarında strateji oyunçu kimi mövqeyini daha da gücləndirəcək və aralıq dənizi regionunda azərbaycan amilinin artan rolunu təsdiqləyəcək.






















