bakı, 25 sentyabr, arhd.media
“azergold” beynəlxalq standart üzrə daha bir sertifikat əldə edib
fəaliyyətində şəffaflıq, dürüstlük, hesabatlılıq kimi dəyərləri prioritet elan edən “azergold” qapalı səhmdar cəmiyyəti (qsc) daha bir mühüm beynəlxalq standart üzrə sertifikat əldə edib.
“azergold”dan arhd.media-a verilən məlumata görə, iso 37001:2016 – rüşvətxorluğa qarşı idarəetmə sistemləri üzrə beynəlxalq sertifikat akkreditə olunmuş müstəqil sertifikatlaşdırma qurumu tərəfindən cari ilin may-iyun aylarında keçirilmiş auditin nəticələrinə əsasən təqdim edilib. qeyd edək ki, sözügedən sənəd beynəlxalq standartlaşdırma təşkilatı - iso (international organization for standardization) tərəfindən hazırlanıb və şirkətin antikorrupsiya fəaliyyətinin, rüşvətin aşkarlanması və qarşısının alınması üzrə idarəetmə sisteminin beynəlxalq standartlara uyğun qurulduğunu və işlədiyini təsdiqləyir.
rüşvətxorluğa qarşı idarəetmə sistemləri üzrə beynəlxalq sertifikatın əldə olunması dövlət şirkəti üçün bir sıra strateji, hüquqi və reputasiya üstünlüklər qazandırmaqla, milli qanunvericiliyə və beynəlxalq antikorrupsiya konvensiyalarına uyğunluğu təmin edir.
xatırladaq ki, “azergold” qsc beynəlxalq standartların tətbiqinə 2016-cı ildən başlayıb. bu günədək keyfiyyət idarəetmə sistemi üzrə iso 9001:2015, peşə sağlamlığı və əməyin təhlükəsizliyi idarəetmə sistemi üzrə iso 45001:2018 və ətraf mühiti idarəetmə sistemi üzrə iso 14001:2015 beynəlxalq sertifikatlar əldə edib. qsc-nin fəaliyyət sahələrinə uyğun olaraq, gələcəkdə digər beynəlxalq standartların da tətbiqi nəzərdə tutulur.























