bakı, 1 aprel, arhd.media
azərbaycan respublikasının prezidenti ilham əliyev aprelin 1-də iran islam respublikası prezidentinin siyasi məsələlər üzrə müşaviri mehdi sənayini qəbul edib.
arhd.media xəbər verir ki, qəbula görə minnətdarlığını bildirən mehdi sənayi iran islam respublikasının prezidenti məsud pezeşkianın salamlarını dövlətimizin başçısına çatdırdı.
prezident ilham əliyev salamlara görə minnətdarlığını bildirdi, onun da salamlarını iran dövlətinin başçısına çatdırmağı xahiş etdi.
ölkəmizə daha əvvəllər də səfər etdiyini xatırlayan qonaq azərbaycanın davamlı inkişafının şahidi olduğunu dedi.
mehdi sənayi iranın qonşu dövlətlərlə, xüsusilə tarixi, dini, mədəni bağlılığı olan azərbaycan ilə əlaqələrin inkişafına mühüm əhəmiyyət verdiyini vurğuladı, hazırda ölkələrimiz arasında münasibətlərin bütün sahələrdə inkişafından məmnunluğunu bildirdi.
dövlətimizin başçısı da öz növbəsində azərbaycanın və iranın ortaq dəyərləri bölüşdüyünü qeyd edərək, son dövrlərdə ikitərəfli qarşılıqlı səfərlərin dinamikasını müsbət qiymətləndirdi.
prezident ilham əliyev mehdi sənayinin azərbaycana səfərinin ikitərəfli gündəliklə bağlı məsələlərin müzakirəsi üçün yaxşı imkan yaradacağına ümidvarlığını ifadə etdi.
görüşdə ölkələrimiz arasında nəqliyyat, xüsusilə şimal-cənub nəqliyyat dəhlizinin inkişafı, iqtisadi-ticari, enerji və digər sahələrdə əməkdaşlıq məsələlərinə dair müzakirələr aparıldı, hökumətlərarası komissiyanın fəaliyyətinə toxunuldu.
söhbət zamanı ağbənd istiqamətində araz çayı üzərində körpünün tikintisi prosesi ilə bağlı fikir mübadiləsi aparıldı.























