bakı, 7 aprel, arhd.media
aprelin 6-7-də xarici işlər nazirinin müavini yalçın rəfiyevin rəhbərliyi ilə azərbaycan respublikasının hökumət missiyası ölkəmizlə qvineya-bisau arasında ikitərəfli siyasi, iqtisadi, humanitar və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi, eləcə də beynəlxalq təşkilatlar çərçivəsində mövcud olan yüksəksəviyyəli əməkdaşlıq münasibətlərinin davam etdirilməsi məqsədilə qvineya-bisauda səfərdə olub.
xarici işlər nazirliyindən arhd.media-a bildirilib ki, səfər zamanı azərbaycan nümayəndə heyəti qvineya-bisaunun prezidenti umaro sissoco embalo tərəfindən qəbul edilib.
səfər çərçivəsində, həmçinin baş nazir rui duarte barros, xarici işlər, beynəlxalq əməkdaşlıq və icmalar naziri karlos pinto pereira ilə görüşlər keçirilib.
səfər zamanı azərbaycan nümayəndə heyətinin qvineya-bisaunun iqtisadiyyat, planlaşdırma və regional inteqrasiya naziri soares sambunun rəhbərlik etdiyi nümayəndə heyəti ilə geniştərkibli görüşü keçirilib. görüşdə bu ölkənin ətraf mühit və biomüxtəliflik, təbii ehtiyatlar, kənd təsərrüfatı, müdafiə üzrə qurumların və “petroguin” neft şirkətinin rəhbərləri təmsil olunub.
keçirilmiş görüşlər zamanı ölkələrimiz arasında son illər ərzində təmasların intensiv hal aldığı və bunun əməkdaşlıq perspektivlərinin müzakirəsində faydalı rol oynadığı diqqətə çatdırılıb. həmçinin bir sıra istiqamətlər, o cümlədən neft və qaz, yaşıl enerji, kənd təsərrüfatı, balıqçılıq, humanitar və təhsil sahələri üzrə əməkdaşlığın inkişafı üçün potensialın mövcud olduğu və müvafiq sahələrdə ikitərəfli hüquq-müqavilə bazasının yaradılmasının vacibliyi vurğulanıb.
səfər çərçivəsində, həmçinin azərbaycan respublikasının xarici işlər nazirliyi ilə qvineya-bisaunun xarici işlər, beynəlxalq əməkdaşlıq və icmalar nazirliyi arasında siyasi məsləhətləşmələrin ilk iclası keçirilib. siyasi məsləhətləşmələrə azərbaycan tərəfindən xarici işlər nazirinin müavini yalçın rəfiyev, qvineya-bisau tərəfindən isə beynəlxalq əməkdaşlıq üzrə dövlət katibi fatumata jau rəhbərlik edib.
siyasi məsləhətləşmələr zamanı ikitərəfli siyasi və iqtisadi məsələlər, bmt, qoşulmama hərəkatı, iət və digər beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq məsələləri müzakirə edilib.
hökumət missiyasına xarici işlər, müdafiə, müdafiə sənayesi, iqtisadiyyat, kənd təsərrüfatı nazirlikləri, azərbaycan respublikasının prezidenti yanında vətəndaşlara xidmət və sosial innovasiyalar üzrə dövlət agentliyinin, azərbaycan respublikasının dövlət neft şirkətinin, azərbaycan investisiyaların təşviqi fondunun, “azergold” qsc-nin nümayəndələri daxil olub.





























