bakı, 30 aprel, arhd.media
azərbaycan yaxın dostu və etibarlı tərəfdaşı olan israil ilə münasibətlərin genişlənməsinə xüsusi əhəmiyyət verir.
arhd.media xəbər verir ki, bunu azərbaycan prezidenti ilham əliyev israil dövlətinin prezidenti isxak hersoqa bu ölkənin milli bayramı - müstəqillik günü münasibətilə ünvanlandığı təbrik məktubunda bildirib.
dövlətimizin başçısı qeyd edib ki, azərbaycan ilə israil arasında mövcud olan dostluq əlaqələrinin və əməkdaşlığın yüksək səviyyəsi xalqlarımızın tarixi bağlılığının, bir-birinə bəslədiyi hörmətin və rəğbətin bariz ifadəsidir. qarşılıqlı etimad və dəstək kimi möhkəm təməllər üzərində qurulmuş azərbaycan-israil dövlətlərarası münasibətlərinin dinamik və hərtərəfli inkişaf etməsi məmnunluq doğurur.
bu gün ölkələrimizin iqtisadiyyat, ticarət, müdafiə, humanitar və digər sahələrdə səmərəli qarşılıqlı fəaliyyət göstərdiklərini vurğulayan azərbaycan prezidenti cari ilin yanvarında davosda israilli həmkarı ilə görüşünü, apardığı fikir mübadiləsini və müzakirələri ən xoş təəssüratlarla xatırladığını diqqətə çatdırıb.
“inanıram ki, azərbaycan ilə israil arasındakı ənənəvi dostluq münasibətləri, bir sıra mühüm sahələrdə qarşılıqlı faydalı əməkdaşlığımız xalqlarımızın mənafelərinə uyğun olaraq birgə səylərimizlə qarşıdakı dövrdə də yüksələn xətt üzrə inkişaf edəcək və daha da möhkəmlənəcəkdir”, - deyə prezident ilham əliyev əlavə edib.

























