“adları saxta “orden-medal ticarəti”ndə hallanan, hüquq-mühafizə orqanları tərəfindən fəaliyyətləri araşdırılan bəzi qht-lər layihələri də saxtalaşdırıb, onların təqdim etdiyi müxtəlif layihə mətnləri, demək olar ki, sözbəsöz eynidir”.
arhd.media xəbər verir ki, bunu qeyri-hökumət təşkilatlarına dövlət dəstəyi agentliyinin ictimaiyyətlə əlaqələr üzrə meneceri ülviyyə qarayeva müsahibəsində bildirib.
o bu ildən süni intellekt texnologiyalarının agentlik tərəfindən layihələrin ekspertizasında tətbiqinin genişləndirildiyini, bir çox faktların aşkara çıxarıldığını deyib: “aşkar olunan bəzi faktlar bizi çox məyus edib. məsələn, ekologiya istiqamətində fəaliyyət göstərən qht-lərdən birindən daxil olmuş “yaşıl düşün, fəal ol!” adlı layihə reklamçılar, gənclər, qadınlarla iş sahəsində digər 3 qht-nin təqdim etdiyi layihələrlə plagiatlıq təşkil edir. “müharibə əlillərinin cəmiyyətə inteqrasiyası” adlı layihə mətni 3 fərqli qht-də üzə çıxıb.
“əbədiyyətin simaları” - milli və vətən qəhrəmanlarının guşələrinin yaradılması” adlı layihənin mətni isə 4 qht-nin təqdim etdiyi layihələrlə plagiatdır. “şəhid ailələrinin xankəndiyə səfərinin təşkili” layihəsi üzrə eyni mətn 9 fərqli qht-dən daxil olub. “kür sahilində yaşıl nəfəs”, “ailə dəyərlərinin qorunmasında media və sosial platformalar”, “regionlarda qadınların hüquqi müdafiəsinə dəstək”, “hacıqabul gölünün biomüxtəlifliyi”, “gələcəyimizi qoruyuruq: zərərli vərdişlərə qarşı maarifləndirmə”, “məişət zorakılığına yox!” adlı layihələr də bu qəbildəndir. yaxud hərbi yönümlü qht-lərdən biri 49 650 manat dəyərində layihə təklifi ilə müraciət edib. “dövlət babadır, biz də övladı” adlı bu layihənin mətni 8 fərqli qht ilə, demək olar ki, eynidir, orfoqrafik səhvlər də eyni cümlələrdə edilib”.
ü.qarayeva əlavə edib ki, 2025-ci ildə qeyri-hökumət təşkilatlarına dövlət dəstəyi agentliyinin elan etdiyi müsabiqələr üzrə daxil olmuş 800-ə yaxın layihədən təxminən 200-də bu cür tam və ya qismən plagiatlıq aşkar edilib: “dövlət qurumunu aldatmağa cəhd edən qht-lərin təqdim etdiyi plagiat layihələr texniki seleksiyadan keçməyəcək. biz yenə də etika naminə bu qht-lərin adlarını ictimailəşdirmirik, lakin texniki seleksiyadan keçməyən qht-lərin hər birinə agentlik tərəfindən bu barədə müvafiq elektron sistem üzərindən bildiriş göndəriləcək”.























