Ölkə başçısının tapşırığına uyğun olaraq “AzərEnerji” tərəfindən Laçın rayonunda ümumi gücü 10,7 meqavat olan daha üç su elektrik stansiyası (SES) inşa edilir.


“ARHD.MEDiA” xəbər verir ki, Şəlvə çayının Laçın rayonundan keçən hissəsində tikilən 4,59 meqavatlıq “Seyidlər”, 3,16 meqavatlıq “Bülövlü” və 2,93 meqavatlıq “Qoşasu” su elektrik stansiyalarının hər biri üçün suqəbuledici qurğular inşa olunub.


Mürəkkəb dağlıq relyefdə stansiyalara suyun çatdırılması üçün ümumilikdə, 14,5 kilometr uzunluğunda derivasiya boru xətləri çəkilib.


Hazırda hər üç stansiyada tikinti işləri yekunlaşmaq üzrədir. Stansiyalarda turbin və generatorların quraşdırılması həyata keçirilir. İşlərin yaxın aylarda başa çatdırılması nəzərdə tutulur.


Qeyd edək ki, son 6 il ərzində “AzərEnerji” tərəfindən Laçın rayonunda ümumi gücü 72,6 meqavat olan 11 su elektrik stansiyası tikilərək istismara verilib. Yeni üç stansiyanın da istifadəyə verilməsi ilə rayonda fəaliyyət göstərən su elektrik stansiyalarının sayı 14-ə, ümumi gücü isə 83,3 meqavata çatacaq.


Hazırda Laçın rayonunun 8-10 meqavatlıq elektrik tələbatı tam olaraq su elektrik stansiyalarında istehsal olunan “yaşıl enerji” hesabına qarşılanır.


Tələbatdan artıq istehsal olunan elektrik enerjisi isə ölkənin vahid enerjisisteminə ötürülür.

 

Baxış sayı: 3 431

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

infoagency@arhd.az

Məzənnə