bakı, 1 may, arhd.media
çağdaş azərbaycan mətbuatının fədakar jurnalisti, azərbaycan dövlət informasiya agentliyinin (azərtac) müxbiri, şəhid məhərrəm əli oğlu ibrahimovun əziz xatirəsinə həsr olunmuş tədbir keçirilib.
arhd.media xəbər verir ki, mahmud kaşqari adına beynəlxalq fondun təşəbbüsü ilə keçirilən anım tədbirində fondun prezidenti, milli məclisin deputatı cavanşir feyziyev, bdu-nun jurnalistika fakültəsinin multimedia və elektron kommunikasiya kafedrasının professoru sevil həsənova, üsküdar universitetinin rektoru, professor nazife güngör, azərbaycan televiziyasının ictimai-siyasi proqramlar studiyasının tarix şöbəsinin rəhbəri, tarix üzrə fəlsəfə doktoru mahir qəribov, amea-nın nizami adına ədəbiyyat institutunun professoru esmira fuad, amea-nın nəsimi adına dilçilik institutunun direktoru, professor nadir məmmədli, aztv-nin beynəlxalq radiosunda proqram rəisi, filologiya üzrə fəlsəfə doktoru natəvan atamoğlanova, bəxtiyar vahabzadənin ev-muzeyinin direktoru elşən zəkəriyyəbəyli, fondun əməkdaşı xəyalə əfəndiyeva çıxış edərək şəhid jurnalistin mediadan döyüş cəbhəsinə uzanan ömür yolundan söz açıblar. mərkəzi elmi kitabxananın (mek) nəzdində yaradılan qarabağ qəhrəmanları fondunda zəfərimizin memarı olan vətən övladlarının şərəfinə yaradılan xatirə guşəsinin, eləcə də kaşqari fondunun təşəbbüsü ilə mütəmadi keçirilən belə anım tədbirlərinin gəncliyimiz üçün böyük əhəmiyyətini diqqətə çatdıran kəlbəcərli ziyalı arif süleymanov bu işləri ərsəyə gətirənlərə tədbir iştirakçıları adından minnətdarlıq bildirib.
milli məclisin deputatı cavanşir feyziyev işğaldan azad olan kəndlərimizi, şəhərlərimizi qarış-qarış, addım-addım gəzərək ermənilərin törətdiyi vəhşilikləri sənədləşdirən şəhid jurnalistin fədakar əməyi nəticəsində hasilə gələn işlərin mənəvi dəyər əmsalının ölçüyəgəlməz olduğunu, məhərrəm ibrahimovun jurnalist fəaliyyəti boyunca daim hərbi reportyor kimi həm cəbhə bölgəsi, həm də digər ərazilərindən reportajlar hazırlayaraq informasiya müharibəsində ön sıralarda dayandığını bildirib.
vurğulanıb ki, məhərrəm ibrahimov azərbaycan prezidenti ilham əliyevin sərəncamı ilə ölümündən sonra “vətənə xidmətə görə” ordeni ilə təltif edilib. bakı şəhər icra hakimiyyətinin qərarı ilə binəqədi rayonunun məhəmməd əmin rəsulzadə qəsəbəsindəki sahilboyu küçəsinə şəhid jurnalistin adı verilib.






















